15 İyul 2008 13:29 ] Bakı. Elmin İbrahimov – APA-ECONOMICS. ABŞ-ın «United Technologies» Korporasiyasının törəmə qurumu olan «Sikorsky Aircraft Corp.» şirkəti «Azərbaycan Hava Yolları» (AZAL) Dövlət Konserni ilə «S-92®» vertolyotlarının satışına dair müqavilə imzalayıb.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə şirkət «Farnboro» Beynəlxalq Aviasiya Şousu çərçivəsində açıqladığı rəsmi məlumatda bildirilir.
Şirkətin yaydığı məlumata görə, 2011-ci ildə Azərbaycana təhvil veriləcək «S-92®» VİP vertolyotu xüsusi korporativ şəxslərin müxtəlif qısa məsafəlrdə daşınmasında istifadə ediləcək. Müqaviləyə görə, VİP vertolyotla yanaşı şirkət birincisi 2010-cu ildə çatdırılmaqla Azərbaycana daha iki «S-92®»ni satmağı planlaşdırır. Bu vertolyotlar 19 sərnişinin daşınması üçün nəzərdə tutulub və müxtəlif hava şəraitində dənizdə yerləşən neft-qaz yataqlarına işçi heyətinin aparılmasında istifadə olunacaq.
Şirkət satış qiymətini açıqlamasa da, «APA-ECONOMICS»in araşdırmasına görə, «S-92®» vertolyotlarının Avropa bazarında qiyməti təxminən 16-17 mln. ABŞ dolları təşkil edir, VİP modelinin qiyməti isə 20 mln. dollardan artıqdır.